CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Çox güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək

Bakı, 16 yanvar, AZƏRTAC 

Sinoptiklər ölkə ərazisində havanın kəskin dəyişəcəyi və gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 28-33 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 10° enəcəyi və 2° -yə yaxın isti olacağı proqnozlaşdırılır. Havanın yağıntılı olacağı, yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10° enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında yanvarın 17-dən etibarən havanın dəyişəcəyi, kəskin hava şəraitinin 18-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır. Havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyinin əsəcəyi, bəzi rayonlarda arabir saniyədə 23-28 metrədək güclənəcəyi, Kür çökəkliyi rayonlarında arabir 33-38 metrədək şiddətlənəcəyi ehtimal edilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10° enəcək. Minimal temperatur dağlıq rayonlarda 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, Aran rayonlarında 2° şaxtadan 3°-dək isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.