CƏMİYYƏT
Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək
Bakı, 9 avqust, AZƏRTAC
Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcəyi gözlənilir.
Avqustun 10-u səhərdən 11-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, yağıntının Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək. Böyük Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
Tibbi meteoroloji proqnoza əsasən, avqustun 10-11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə 3-5° aşağı enməsi müsbət amildir.