CƏMİYYƏT
Sinoptiklərdən xəbərdarlıq: Martın 9-u havanın temperaturu düşəcək, yağış, qar yağacaq
Bakı, 7 mart, AZƏRTAC
Sinoptiklər yağıntılı, qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, martın 9-u gündüzdən martın 10-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.