ELM VƏ TƏHSİL
Sinqapurda çalışan azərbaycanlı alimin elmi məruzəsi maraqla qarşılanıb
Bakı, 14 iyul, AZƏRTAC
Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun tədqiqatçı alimi biologiya üzrə fəlsəfə doktoru Nailə Əliyevanın “Regenerasiya tədqiqatlarına giriş” mövzusunda onlayn elmi seminarı keçirilib. Seminarda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar (MBBİ), Fiziologiya, Mikrobiologiya, Genetik Ehtiyatlar institutlarının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin və İran İslam Respublikasının Marağa Universitetinin nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, hələ 1990-cı illərin sonlarından başlayaraq xarici ölkələrin nüfuzlu elmi müəssisələrində çalışan azərbaycanlı alimlərin iştirakı ilə elmi seminarların təşkil olunması ənənə halını alıb. Son illərdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin təşəbbüsü və rəhbərliyi ilə Kembric Universitetinin (Birləşmiş Krallıq) Molekulyar biologiya laboratoriyasının Hesablama struktur biologiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov və Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun (Moskva) laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri Süleyman Allahverdiyev tərəfindən ADA Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində verilən seminarlar Azərbaycanın elmi ictimaiyyətinin böyük marağına səbəb olub.
Daha sonra akademik İradə Hüseynova həmyerlimizin elmi fəaliyyəti haqqında seminar iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Nailə Əliyeva 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, 1999-cu ildə isə N.N.Bloxin adına Xərçəng Elmi-Tədqiqat Mərkəzində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra tədqiqatlarını Moskva Dövlət Universitetində, ABŞ-ın Florida və Texas universitetlərində davam etdirən alim hazırda Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunda çalışır.
Nailə Əliyeva 60-dan çox alim və mütəxəssisin iştirak etdiyi seminarda elmi məruzə ilə çıxış edib. O, adi ilanbalığında (minoqa) regenerasiya və funksional bərpa prosesini dəstəkləyən molekulyar mexanizmlər və bu mexanizmlərin zamanla necə dəyişməsi barədə öz tədqiqat işlərini və alınmış mühüm nəticələri təqdim edib. Bundan əlavə, məruzədə onurğa beyinin zədələnməsindən sonra minoqada müəyyən genlərin ekspressiyası və transkript profillərinin təyin edilməsi, regenerasiya ilə əlaqəli genlərin müvəqqəti ekspressiya edilməsi halları barədə məlumat verib. Alim vurğulayıb ki, regenerasiya tədqiqatları mexanobiologiyadakı nailiyyətlərin əsas benefisiarıdır.
Böyük maraqla qarşılanan elmi məruzədən sonra Nailə Əliyeva akademik İradə Hüseynovanın, MBBİ-nin əməkdaşlarının, Fiziologiya İnstitutunun baş direktoru Ulduz Həşimovanın, İran İslam Respublikasının Marağa Universitetinin professoru Əziz Eftexarinin, eləcə də digər alim və mütəxəssislərin suallarını cavablandırıb. Məruzə ətrafında geniş müzakirələr aparılıb.
Sonda akademik İradə Hüseynova seminarın Azərbaycan elmi üçün əhəmiyyətli bir hadisə olduğunu söyləyib, məruzəçiyə minnətdarlığını bildirib. O qeyd edib ki, tanınmış xarici elm mərkəzlərində çalışan azərbaycanlı alimlərlə, o cümlədən də Nailə Əliyeva ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası yolunda əhəmiyyətli nailiyyətlər qazanmağa imkan verəcək.