İQTİSADİYYAT
Sinqapurlu nazir Azərbaycanda həyata keçirilən antiböhran tədbirlərini alqışlamışdır
Bakı, 23 sentyabr (AZƏRTAC). Mərkəzi Bankın sədri Elman Rüstəmov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, Elman Rüstəmov nümayəndə heyətini salamlayaraq Azərbaycanın keçdiyi inkişaf yolu, müstəqilliyin ilk illərindəki çağırışlar və hökumətin uğurlu inkişaf strategiyası barədə ətraflı məlumat vermişdir. O, diqqəti ölkələrimizin apardığı iqtisadi islahatlar arasındakı oxşarlıqlara yönəldərək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Sinqapur inkişaf modelində prioritetlərdən olmuş strateji hədəflərdəki bənzərliyi xüsusi qeyd etmişdir.
Görüşdə, həmçinin Azərbaycanın pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi və iqtisadi şaxələndirmənin dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlərdən söhbət açılmışdır.
Dövlət naziri Li Yi Şyan Azərbaycana səfəri zamanı ölkədəki sıçrayışlı inkişafın əyani şahidi olduğundan məmnunluğunu bildirmişdir. O, Azərbaycanda iqtisadiyyatın şaxələnməsi, biznesin inkişafı və makroiqtisadi sabitliyə yönəlmiş uğurlu inkişaf strategiyasını yüksək qiymətləndirərək ölkəmizə dərin marağının olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın mövcud inkişaf mərhələsində Sinqapurla bir sıra eyni çağırışlarla üzləşdiyini qeyd edən nazir qlobal maliyyə sisteminə inteqrasiyanın vacibliyini və qlobal böhran şəraitində ölkəmizin daxili bazarının xarici təsirlərdən qorunmasının əhəmiyyətini vurğulamış, Azərbaycanda həyata keçirilən antiböhran tədbirlərini alqışlamışdır.
Görüşdə ölkələr arasında geniş əməkdaşlıq potensialının mövcudluğu qeyd edilmiş və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün səylərin göstəriləcəyi bildirilmişdir.