DÜNYA


Sinqapurun ilk qadın prezidenti Həlimə Yaqubun inauqurasiya mərasimi keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sinqapurun ilk qadın prezidenti 63 yaşlı Həlimə Yaqub cümə axşamı günü and içərək səlahiyyətlərinin icrasına başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Həlimə Yaqub prezident postunda irqindən, dilindən və dinindən asılı olmayaraq ölkənin hər bir vətəndaşına xidmət edəcəyini bildirib.

Channel NewsAsia telekanalının məlumatına görə, Həlimə Yaqubun dövlət başçısı postuna seçilməsi tənqid dalğası doğurub. Belə ki, digər namizədlərin yoxluğu səbəbindən o, səsvermə keçirilmədən ölkə prezidenti olub.

Əvvəlcə prezident seçkilərində daha dörd namizədin iştirakı planlaşdırılırdı. Lakin müxtəlif səbəblərdən onların hamısının namizədliyi rədd edilmişdi. İki nəfərin namizədliyi malay icmasından olmadıqları üçün qeydə alınmamışdı. Bu meyar yerli hakimiyyət orqanlarının ötənilki qərarı ilə əlaqədar idi. Belə qərar çıxarılmışdı ki, 2017-ci ildə prezident kürsüsü uğrunda yalnız malaylar mübarizə apara bilərlər. Digər iki namizədə isə dövlət işində və ya böyük şirkətlərin rəhbərliyində müvafiq təcrübələri olmadıqları üçün etiraz bildirilmişdi.

Sinqapur parlament respublikasıdır və orada icra hakimiyyəti əsasən Baş nazir başda olmaqla Nazirlər Kabinetinə məxsusdur. Məhdud səlahiyyətlərə malik ölkə prezidenti isə yalnız təmsilçilik missiyası həyata keçirir. Bununla belə, o, kadr məsələləri ilə bağlı qərarlara veto qoya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.