DÜNYA
Şinzo Abe: BMT Təhlükəsizlik Şurası Şimali Koreya tərəfindən artan təhlükəyə yeni şəkildə reaksiya verməlidir
Tokio, 22 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe vəd edib ki, ölkəsi BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın hərbi təxribatlarına qarşı ciddi tədbirlərin görülməsi ilə bağlı müzakirələrə sədrlik edəcək.
NHK televiziya kanalının yaydığı məlumata görə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxış edən Ş.Abe əsas diqqəti Pxenyanın nüvə və raket sınaqlarına yönəldib.
Baş nazirin sözlərinə görə, Şimali Koreyanın məqsədi aydındır və bu gün onun yaratdığı təhlükə əvvəlkilərdən qat-qat çoxdur.
Ş.Abe bəyan edib ki, beynəlxalq ictimaiyyət bu təhlükəyə artıq başqa cür reaksiya verməli, BMT üzvü olan dövlətlər isə güclərini birləşdirərək Şimali Koreyanın planlarına mane olmalıdırlar.
Yaponiya Baş nazirinin sözlərinə görə, Təhlükəsizlik Şurası bu yeni və həddindən artıq ciddi təhlükəyə qarşı düzgün mövqe nümayiş etdirməlidir. Ş.Abe əlavə edib ki, Yaponiya BMT TŞ-nin qeyri-daimi üzvü kimi müzakirələrə sədrlik etməyə hazırdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio