DÜNYA
Şinzo Abe Donald Trampla danışıqlar üçün ABŞ-a yola düşüb
Tokio, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Yaponiyanın Baş naziri Şinzo Abe Prezident Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yola düşüb.
AZƏRTAC xəbər verir ki, danışıqlar ABŞ və Şimali Koreya liderlərinin sammiti ərəfəsində keçiriləcək.
Yola düşməzdən əvvəl jurnalistlərlə görüşən Ş.Abe bildirib ki, səfərin məqsədi Şimali Koreya məsələsi ilə bağlı D.Trampla əldə edilmiş razılaşmaları bir daha təsdiqləmək, həmçinin ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirməkdir. Bununla yanaşı, Ş.Abe qeyd edib ki, danışıqlar zamanı tərəflər Şimali Koreyanın raket və nüvə proqramlarından tam, nəzarət olunan və dönməz şəkildə imtinası üçün birgə səyləri artırmaq barədə razılığı təsdiq edəcəklər.
Baş nazirin sözlərinə görə, Şimali Koreya agentləri tərəfindən oğurlanmış yapon vətəndaşları mövzusu da aktuallığını saxlayır. Ş.Abe vəd edib ki, ABŞ Prezidenti ilə danışıqlar zamanı o, D.Tramp ilə Şimali Koreya lideri Kim Çen Inın görüşünün bu məsələnin həllində mühüm təsiredici vasitəyə çevrilməsi üçün mümkün olan hər şeyi edəcək.
Xatırladaq ki, Yaponiya və ABŞ liderlərinin görüşü D.Trampın Floridadakı iqamətgahında keçiriləcək. Aprelin 17-də başlanacaq görüş növbəti gün də davam edəcək.
ABŞ Prezidentinin ötən ilin noyabrında Yaponiyaya səfəri zamanı olduğu kimi, bu dəfə də iki ölkə liderlərinin qolf oynayacaqları bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio