DÜNYA
Şinzo Abe: Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
Tokio, 15 noyabr, AZƏRTAC
Yaponiya və Rusiya liderləri iki ölkənin münasibətlərində sıçrayış hesab ediləcək razılıq əldə ediblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat verən Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinlə sülh müqaviləsi ilə bağlı danışıqların 1956-cı ildə qəbul edilən birgə bəyanat əsasında sürətləndirilməsi barədə razılıq əldə etdiklərini bildirib.
Həmin sənəddə qeyd edilir ki, ikitərəfli sülh müqaviləsinin bağlanmasının yekunu olaraq dörd adadan ikisi Yaponiyaya qaytarılacaq.
Baş nazir Şinzo Abe deyib ki, o, Prezident V.Putin ilə bu məsələnin gələcək nəsillərə ötürülməməsi barədə razılaşmanı bir daha təsdiq ediblər. Adalar üzərində suverenitet mübahisəsi II Dünya müharibəsi başa çatdıqdan sonra, 70 ildən çoxdur ki, davam edir.
Ş.Abe qeyd edib ki, Rusiya Prezidenti və o, bərabər səviyyədə bu məsələyə son qoymağa çalışırlar və buna sadiqliklərini təsdiq ediblər. Rusiya Prezidentinin gələn il Yaponiyada keçiriləcək G20 sammitinə qatılacağını qeyd edən Ş.Abe, özünün də gələn ilin əvvələrində Rusiyaya gedəcəyini və V.Putinlə danışıqları davam etdirəcəyini bildirib.
Baş nazir əlavə edib ki, bu razılaşma Prezident V.Putinin və onun özünün sülh müqaviləsinin imzalanması üçün nə qədər qətiyyətli olduqlarını bir daha təsdiq edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio