DÜNYA


Şinzo Abe və Donald Tramp “G-20” Sammiti çərçivəsində görüşüblər

Tokio, 1 dekabr, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp Çinin iqtisadiyyat və təhlükəsizlik sahələrində konstruktiv rol oynaması üçün bu ölkəyə çağırışlar edəcəklərini bir daha təsdiq ediblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iki ölkənin liderləri Argentinada keçirilən “G-20” Sammiti çərçivəsində görüşüblər.

“Yaponiya ABŞ-dan çoxlu sayda F-35 qırıcıları və digər əmtəələr alır və biz bunu yüksək qiymətləndiririk. Eyni zamanda, Yaponiya tərəfi iki ölkə arasında ticarət kəsirini aradan qaldırmaq üçün bizimlə fəal çalışır. Ümid edirik ki, bu məsələdə balansın yaradılmasına tezliklə nail olacağıq”, - deyə D.Tramp bildirib.

Ş.Abe isə öz növbəsində deyib: “Yaponiya və ABŞ arasında ittifaq həmişə olduğundan daha möhkəm xarakter alıb”.

Görüş zamanı liderlər Koreya yarımadasının nüvə silahından tamamilə təmizlənməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam yerinə yetirilməsi barədə də razılığa gəliblər. Liderlər, həmçinin BMT sanksiyalarından dənizdə daşımalar zamanı yayınan Şimali Koreyaya qarşı əməkdaşlığı genişləndirməyin vacibliyini də vurğulayıblar.

Ş.Abe və D.Tramp sentyabrda qəbul edilən birgə bəyanata uyğun olaraq, Yaponiya və ABŞ arasında ticarətin və investisiyaların genişləndirilməsi barədə razılaşmanı da təsdiq ediblər.

Tərəflər arasında Hind-Sakit okeanı regionunda azad və açıq iqtisadi inkişafın reallaşdırılması barədə razılıq da təsdiq olunub.

Həmin gün Ş.Abe və D.Tramp birlikdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüblər. Görüşdə tərəflər arasında Hind-Sakit okeanı regionunda qanunçuluğun aliliyi və gəmiçiliyin sərbəst inkişafı üçün azad və açıq təşəbbüslərin qorunması məqsədi ilə əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.