DÜNYA
Şinzo Abe və Şiqeru İşiba Kiotoda siyasi debatlara qatılıblar
Tokio, 15 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və sabiq müdafiə naziri Şiqeru İşiba ölkənin hakim partiyasını necə idarə edəcəkləri barədə Yaponiyanın qərbində təşkil olunan debatlara qatılıblar.
AZƏRTAC xəbər verir ki, hər iki namizəd sentyabrın 14-də Kiotoda keçirilən debatlarda iştirak ediblər. Xatırladaq ki, bu namizədlər hakim Liberal Demokratik Partiyanın (LDP) sədri vəzifəsi uğrunda mübarizə aparırlar. LDP-nin sədri seçiləcək şəxs həm də Yaponiya hökumətinə rəhbərlik edəcək.
Kiotoda keçirilən debatlar seçki kampaniyası başlayandan bəri Tokiodan kənarda təşkil edilən ilk debatlardır.
Ş.Abe bəyan edib ki, insanların çoxunun iqtisadiyyatın bərpasını hiss etmədiyini deməsinə baxmayaraq, yerli iqtisadiyyatın canlanması davam etdirilməlidir. Qeyd edib ki, turizmin inkişafı yeni tərəqqiyə və işgüzar fəallığa səbəb olacaq. Buna görə də hökumət 2020-ci ilədək ölkəni ziyarət edən turistlərin sayını ildə 40 milyona çatdırmağa çalışır.
Regionların iqtisadi inkişafı məsələsinə toxunan Ş.İşiba bildirib ki, hökumət hər bir regionu bacardığı qədər dəstəkləməlidir. Ş.İşiba xüsusilə qeyd edib ki, yerlərdə iqtisadiyyatı bərpa etmək üçün hökumətin mərkəzi kabinetləri Tokiodan regionlara köçürülməlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio