CƏMİYYƏT


Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları

Bakı, 3 oktyabr, AZƏRTAC

Zərərli vərdişlərdən olan siqaret çəkməkdən imtina zamanı orqanizmi tütünün təsirlərindən təmizləmək və onun yaratdığı bəzi hallardan yaxa qurtarmaq üçün müəyyən müalicə prosedurları tətbiq edilir.

Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov qeyd edib ki, hər kəs siqaret çəkməyə başladığı kimi ondan imtina da edə bilər. Əlbəttə, bu, ilk növbədə, daha çox iradə ilə bağlı olan məsələdir. O, tütündən istifadəni tərgidəndən sonra yarana biləcək hallar barədə AZƏRTAC-a bəzi məlumatlar verib.

Həkim-fitoterapevt qeyd edib ki, siqaret çəkib sonra imtina edənlər diş əti və ağız boşluğu həssaslığı ilə üzləşə bilərlər. Bu zaman gündə iki-üç dəfə soda ilə qarqara etmək tövsiyə olunur.

Siqaretdən imtina edənlərdə bəlğəmin rəngi dəyişir, tez-tez öskürmə halları baş verir. Həmin hallarla üzləşənlər bəlğəm gətirmək və bronxları təmizləmək üçün keçibuynuzu meyvəsindən istifadə edə bilərlər. Keçibuynuzu xırda-xırda doğranılır, 400 ml qaynar suda 20 qram olmaqla 15 dəqiqə dəmlənilir, alınan dəmləmə iki yerə bölünür, yarısı səhər, yarısı axşam yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Prosedur 14 gün aparılır. Tez-tez allergik tutması olan və asmatiklər də ondan istifadə edə bilərlər. Şəkərli diabet xəstələri müəyyən norma gözləməlidirlər. Hətta keçibuynuzu meyvəsini toz halına salandan sonra da qəbul etmək olar. Yaxud 10 qram keçibuynuzu tozu 30 qram balla qarışdırılaraq yeyilir”.

Həkim-fitoterapevtin dediyinə görə, keçibuynuzundan başqa gülxətmi kökü, şirin biyan kökü və dəvədabanı kökündən də istifadə etmək mümkündür. Onları bir yerdə dəmləyib içmək, biyan şirəsini gündə iki dəfə 10 qram qəbul etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.