CƏMİYYƏT


Sıravi vətəndaşların orduya verəcəyi ən böyük dəstəklərdən biri karantin qaydalarına əməl etməsidir

Bakı, 16 oktyabr, AZƏRTAC

Bəzi məhdudiyyətlərin aradan qaldırılması, eləcə də tədris müəssisələrinin açılması, payız mövsümünün olması nəticəsində yoluxma saylarında gedərək artım tendensiyası müşahidə olunur. Bu, bizi narahat edən məsələdir. Çünki mövcud situasiyada yoluxma halları ədədi silsilə üzrə artmağa davam edir. Bu, bizə bir xəbərdarlıq işarəsidir. Hazırkı vəziyyət bizdən daha da diqqətli olmağımızı tələb edir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

“Yoluxma hallarının sayında bir öncəki həftələrə, günlərə nisbətən artım var. Bu, sadəcə Azərbaycanda deyil, pandemiyanın davam etdiyi əksər ölkələrdə qeydə alınır. Hətta qonşu ölkələrdə belə artım tendensiyasını görə bilirik. Buna səbəb son günlər əhali arasında koronavirusun aktuallığını itirməsi səbəb olub. Qayda-qanunlara əvvəlki kimi riayət olunmur.

Son zamanlar ölkəmiz müharibə şəraitinin aktiv fazasını yaşayır. İki həftədən çoxdur ki, müharibə davam edir. Hər bir Azərbaycan vətəndaşı təbii ki, daha çox aktual olan müharibə, itirilmiş vətən torpaqlarının geri qaytarılması haqqında düşünür. Bir yandan da diqqətimiz orduya yardıma yönəlib. Hamımız çox istəyirik ki, cəbhədən qələbə xəbərləri eşidək. Lakin bir yandan digər bir düşməni unuduruq. Təkcə bizdə deyil bütün dünyada “gözəgörünməz” düşmənin – koronavirusun törətdiyi pandemiya şəraiti davam edir. Pandemiya hələ də aktuallığını itirməyib. Yoluxma saylarının artım tempi yayda olduğu kimi bizə çətin anlar yaşada bilər. Bununla yanaşı, mövsüm üçün xarakterik olan digər infeksiyalar da bizim immun sistemimizin zəifləməsinə gətirib çıxara bilər. Ona görə də özümüzü nəinki koronavirusdan, digər respirator infeksiyalardan da qorumalıyıq. Qapalı məkanlarda, kütləvi toplanma yerlərində, ictimai nəqliyyatda maskanın taxılmaması ilə yanaşı, doğru taxılmaması da gündəmdədir. Bəziləri maskanı taxır, lakin burun çöldə qalır, sadəcə ağız hissəsi tutulur. Lakin bu, qoruyucu əhəmiyyət daşımır. Maska doğru taxılmalıdır. Bəsit qaydalara əməl etmək hazırkı dövrdə daha zəruri və önəmlidir”, - deyə V.Əiyev qeyd edib.

Onun sözlərinə görə, virusdan qorunmağın ən yaxşı yolu yoluxmamaqdır: “Hər bir insana aktiv virus daşıyıcısı kimi baxmalıyıq. Bunun üçün maska taxmalı, ara məsafəsi saxlamalı, gigiyena qaydalarına əməl etməliyik. Rəqəmlərdəki artım insanlar arasında həyəcan təbili çalmağa əsas verir. Vətəndaşlar buna əhəmiyyət verməsələr, sonradan gec ola bilər. Biz bunu yaşamışıq. Təkrar yaşamaq istəmirik. Bir ara xəstəxanalara müraciət səngimişdi. Lakin hazırda müraciətlər artıb. Bu baxımdan hər kəsə diqqətli olmağı tövsiyə edərdim. Əgər mövcud dönəmdə özümüzü qorumasaq, tələblərə əməl etməsək, yoluxma sayları daha da artacaq. Yenidən xəstəxanalara müraciət çoxalacaq, həmin insanlar digərlərini də yoluxdura bilər. Nəticədə sonradan çarpayı çatışmazlığı yaşaya bilərik. Xüsusilə belə dönəmdə bu, heç xeyrimizə olmaz. Ölkəmiz müharibə şəraitindədir. Biz ordumuza yardım etmək istəyirik. Bilməliyik ki, arxa cəbhə olaraq bu şəkildə - sağlamlığımızı qorumaqla da yardım edə bilərik. Həmçinin həkimlərə də yardım edə bilərik ki, onların diqqəti ancaq yaralıların müalicəsinə yönəlsin. Belə ki, koronavirusla bağlı problem artarsa, həkim qıtlığı yarana bilər. Özümüzü qorumaqla cəmiyyətimizi mühafizə etmiş oluruq. Bu da ordumuza dəstəyin bir növüdür.

Belə bir vəziyyətdə virusu unutmalı deyilik. Düşünün ki, koronavirus ölkə daxilində yayılmağa doğru gedərsə, bu sadəcə sıravi vətəndaşlara sirayət etməyəcək, eyni zamanda, orduya da təsir edəcək. Faydalı olmaq istəyərkən, zərər vermiş ola bilərik. Sıravi vətəndaşların orduya verəcəyi ən böyük dəstəklərdən biri də qaydalara əməl etməsi, diqqətli olmasıdır. Mövcud vəziyyətdə daha tədbirli davranmasaq, sonradan gecikmiş ola bilərik. Hərbçilərimizin sağlamlığına təhlükə yaranması sonradan ağır nəticələrə səbəb ola bilər”.

TƏBİB-in nümayəndəsi bildirib ki, dövlət tərəfindən yerində və zamanında atılan addımların hesabına hazırkı vəziyyət nəzarət altındadır: “Azərbaycanda olan vəziyyət bir sıra Avropa ölkələrindən qat-qat yaxşıdır. Bu, istər müalicə prinsipində, istər xəstəliyin nəzarətdə saxlanılmasında özünü göstərir. Lakin belə bir vəziyyətdə məsuliyyət daha çox vətəndaşların üzərinə düşür, hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik. Orduya hər bir vətəndaş dəstək olmalıdır. Orduya, cəmiyyətimizə, dövlətimizə olan dəstəyimiz sadəcə koronavirusun yayılmasının qarşısının alınmasıdır. Bu da bizim hər birimizin fərdi məsuliyyətindən irəli gələn bir məsələdir. Ona görə də qayda-qanunlara ciddi riayət olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.