MƏDƏNİYYƏT


Şirin Məlikova: “Arsax” adlandırılan xalçalar Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələrimizdir

Yerevanda təşkil olunacaq sərgi ermənilərin növbəti falsifikasiyasıdır

Bakı, 17 fevral, Turan Teymurov, AZƏRTAC

“Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalı zamanı azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yerevanda Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda fevralın 20-də Şuşa Xalça Muzeyindən ötən ilin noyabrın 1-də çıxarılan xalçalardan təşkil olunacaq sərginin keçirilməsinə münasibət bildirən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova söyləyib.

Daha sonra muzeyin direktoru deyib: “Xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlərboyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

Ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan toxumunu dünyaya yaymağa nail olmuşlar. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. XIX əsrdə azərbaycanlıların xalça toxuculuğuna rişxəndlə yanaşan ermənilərin törəmələrinin bu gün XXI əsrdə Azərbaycan xalçalarına iddia irəli sürməsi mədəni irsimizə qarşı növbəti təcavüzdür”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.