ELM VƏ TƏHSİL


“Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü” mövzusunda yay məktəbi təşkil edilir

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetində “Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü” mövzusunda sentyabrın 4-dən 14-dək yay məktəbi təşkil olunacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yay məktəbində Azərbaycan Respublikasında istənilən ixtisas üzrə təhsil alan, alman dili bilik səviyyəsi (minimum B1) və ingilis dili bilik səviyyəsi (minimum B1) olan tələbələr (bakalavr, magistr) iştirak edə bilərlər.

Yay məktəbinin məqsədi Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrə Azərbaycanı tanıtmaq, Qərb ölkələri ilə Azərbaycan arasında yaxınlaşmaya töhfə verməkdir. Yay məktəbi azərbaycanlı tələbələrə ölkəmiz haqqında ilk təəssürat yaratmaq, müxtəlif sahələr üzrə aktual mövzularda müzakirələrdə iştirak etmək imkanı verəcək. Eyni zamanda, Almaniyadan və Azərbaycandan olan iştirakçılar arasında ünsiyyətin qurulmasına, yeni nəzəri və praktik biliklərin əldə olunmasına şərait yaradacaq. Yay məktəbində Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri (ədəbiyyat, dil, tarix, musiqi, incəsənət, iqtisadiyyat, siyasət və s.) üzrə yerli və alman ekspertlərin, alim və mütəxəssislərin alman və ingilis dillərində məruzələri dinləniləcək və onların ətrafında müzakirələr aparılacaq.

Yay məktəbində iştirak edəcək tələbə ayrı-ayrı sahələr üzrə intellektual müzakirələr aparmağı bacarmalı, Azərbaycanın tarixi və mədəniyyəti, ictimai həyatı haqqında məlumatlı olmalı, Bakı və Abşeronun tarixi-mədəni guşələrinə və abidələrinə ekskursiyalarda (Qız qalası, Qala muzeyi, Yanardağ, Atəşgah, Şirvanşahlar sarayı, Qobustan və s.) alman dilində bələdçilik etməlidir. Eyni zamanda, dostlaşdığı alman tələbəni Azərbaycan ailəsi, məişəti ilə tanış etmək üçün bir axşam evinə qonaq dəvət etməlidir.

Qeydiyyat üçün lazım olan sənədlər avqust ayının 15-dək “Go East Sommerschule 2021” başlığı altında Azərbaycan Dillər Universiteti Germanistika İnstitutunun elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.