CƏMİYYƏT


“Şirməmməd Hüseynov mükafatı” səfirə təqdim olunub

Bakı, 14 mart, AZƏRTAC

Parlament Jurnalistləri Birliyinin təsis etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın 2022-ci il üzrə laureatı Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Vilayət Quliyevdir.

Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, martın 14-də laureata mükafatın təqdim olunması ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ustad Şirməmməd Hüseynovun adını daşıyan mükafatın iki il öncə təsis edilməsi onun böyük irsinə dərin ehtiramın nümunəsidir. Rəşad Məcid Ş.Hüseynovu Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövrümüzdəki ən böyük tədqiqatçısı adlandırıb. O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimlərinin keçdikləri örnək həyat yolunun araşdırılmasının və cəmiyyətə çatdırılmasının görkəmli alimin çoxillik elmi fəaliyyətinin qayəsini təşkil etdiyini vurğulayıb. Ustadın adı ilə bağlı mükafatın layiqli sahibinə çatmasından məmnunluğunu ifadə edib.

Tanınmış jurnalist, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova həyat yoldaşı Ş.Hüseynovun xalq və dövlət tərəfindən eyni dərəcədə sevilən böyük alim və ziyalı olduğunu vurğulayaraq, onun adını daşıyan mükafatın Azərbaycan Xalq Cümhuriyyəti irsini yaşadan dəyərli şəxslərə təqdimatının əhəmiyyətli cəhətlərini sadalayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı prinsipial məqamlardan söz açaraq, laureat V.Quliyevin bütün parametrlər üzrə layiqli seçim olduğunu bildirib, bu seçimi rəhbərlik etdiyi qurumda birləşmiş jurnalistlərin ümumi qənaəti kimi dəyərləndirib. E.Eyvazlı onu da bildirib ki, V.Quliyev parlaq diplomatdır, eyni zamanda, Azərbaycan tarixinin və ədəbiyyatının araşdırılması sahəsindəki müstəsna xidmətlərə malik dəyərli elm xadimidir.

V.Quliyev toplantıdakı çıxışında yüksək etimada görə təşəkkürünü bildirib. O, ustad jurnalistin adını daşıyan mükafatın özü üçün böyük anlam daşıdığını, son dərəcə qiymətli olduğunu vurğulayıb. Qarşıdakı illərdə də Azərbaycan elminin inkişafı üçün var gücü ilə çalışacağını diqqətə çatdırıb.

Çıxış edənlərdən Milli Məclisin deputatları Aqil Abbas və Vüqar İskəndərov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal laureata təbriklərini çatdırmaqla, onun Azərbaycan ədəbiyyatına, elminə misilsiz töhfələrindən söz açmaqla yanaşı, Parlament Jurnalistləri Birliyinin “Şirməmməd Hüseynov mükafatı”nı ustad qələm sahibinin, əvəzsiz müəllimin, böyük ziyalının və alimin irsinə ehtiramın, yüksək qədirbilənliyin nümunəsi kimi qiymətləndiriblər.

Qeyd edək ki, 2019-cu ildə təsis olunmuş “Şirməmməd Hüseynov mükafatı”nın 2020-ci il üçün laureatı araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildəki laureatı isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.