İQTİSADİYYAT
Şirvan Gömrük İdarəsində sahibkarlara gömrük xidmətinin asanlaşdırılması barədə məlumat verilib
Bakı, 5 may, AZƏRTAC
Şirvan Gömrük İdarəsində sahibkarlara gömrük xidmətinin asanlaşdırılması barədə məlumat verilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şirvan Gömrük İdarəsində yerli iş adamları ilə görüş keçirilib. İctimai Şuranın təşkil etdiyi görüşdə Şirvan şəhərindən, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan sahibkarlar iştirak ediblər.
Qeyd edək ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin “Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması” haqqında sərəncamına əsasən təsis olunub.
Şirvan Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rəşid Zalov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən, onların nəticəsi kimi ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafından danışıb. İdarə rəisi bildirib ki, sahibkarlara münbit şəraitin yaradılması və dövlət dəstəyinin artırılması, daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması, istiqamətində atılan addımlar iqtisadi artım tempinə də müsbət təsirini göstərib. Gömrük orqanlarının da bu məqsədlə səylərini artırdığını deyən Rəşid Zalov son illər gömrük işinin səmərəli təşkili məqsədilə atılan addımların – “Bir Pəncərə”, “Yaşıl Dəhliz”, “Elektron bəyannamə” və digər sistemlərin tətbiqinin idxal-ixrac əməliyyatlarının sürətli, asan və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.
İdarə rəisi, gömrük-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsinin ümumi işə faydasından bəhs edib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.