İQTİSADİYYAT
“Şirvan” Regional Elektrik Şəbəkəsində təmir işləri davam etdirilir
Bakı, 10 avqust, AZƏRTAC
“Şirvan” Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində keyfiyyətli elektrik enerji təchizatının təminatı məqsədilə 330 kilovoltluq (kV) 3-cü “Şirvan” hava xəttinin (HX) 8 kilometri əsaslı təmir edilib, 300-dən artıq izolyator yenisi ilə əvəz olunub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 330 kilovoltluq “Cənub” və 3-cü “İmişli” HX-lərdə və müəssisənin balans mənsubiyyətinə aid olan 220 kilovoltluq elektrik verilişi xətlərində də təmir işləri görülüb. Müxtəlif təyinatlı təmir işləri 110 kilovoltluq HX-lərdə də aparılıb. Belə ki, 110 kilovoltluq 1-ci “Qazıməmməd” hava xəttinin 6 kilometri əsaslı təmir edilib, 180 ədəd izolyator isə yenisi ilə əvəzlənib. Bununla yanaşı, 3-cü “Sabirabad” HX-nin “Muğan-1” budaqlanmasında 1,5 kilometr xətt əsaslı təmir edilib, iki ədəd xətt armaturu quraşdırılıb və 80-dən artıq izolyator dəyişdirilib.
Ümumiyyətlə, müəssisənin balans mənsubiyyətinə aid gərginliyi 110 kilovoltluq HX-lərin 42 kilometrə yaxın xətti əsaslı təmir edilib, 1350-dən artıq izolyator yenisi ilə əvəz olunub və 20-dən çox xətt armaturu quraşdırılıb.