Şirvan-Salyan regionunda 500-dək müəllim sertifikasiya imtahanı barədə məlumatlandırılıb
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Müəllimlərin sertifikatlaşdırılması ilə əlaqədar Təhsil İnstitutunun regionlarda keçirdiyi maarifləndirici görüşlər davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti görüş Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə keçirilib. Görüş Salyan şəhəri 2 nömrəli tam orta məktəbdə təşkil olunub.
Hər iki ixtisas üzrə 500-ə yaxın müəllimin iştirak etdiyi görüşdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, institutun əməkdaşı Fəridə Həsənli, fənn və metodika üzrə mütəxəssislər iştirak ediblər.
Görüşdə sertifikasiya imtahanının qiymətləndirilmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.




Xəbərin mətnində orfoqrafik səhv var