QAN YADDAŞI


Şirvan Şəhər Polis Şöbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şirvan Şəhər Polis Şöbəsində anım mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, mərasimdə polis əməkdaşları ilə yanaşı, Şirvan Şəhər Təhsil Şöbəsinin və Veteranlar Şurasının üzvləri iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev anım tədbirində çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri və Xankəndində yerləşən 366-cı alayın hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımının və erməni məkrli siyasətinin qanlı cinayətlərinin yaddaşlardan heç vaxt unudulmayacağını bildirib. Bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyi, Xocalı qətliamı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün Ümummilli Liderin məqsədyönlü və ardıcıl fəaliyyəti dinləyicilərin diqqətinə çatdırılıb.

Xocalı soyqırımının şahidi Arif Əzizov və polis veteranı Firudin Qəhrəmanov bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən cinayətin ağır nəticələrindən danışıblar. Çıxışlardan dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.