REGİONLAR
Şirvan bölgəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü kütləvi tədbirlərlə qeyd olunub
Şamaxı, 20 yanvar, AZƏRTAC
Şamaxıda 20 Yanvar – Ümumxalq Hüzn Günü rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə kütləvi tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən mərasimdə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.
Rayon əhalisi şəhid məzarlarını ziyarət edib, abidə önünə əklillər qoyublar. 20 Yanvar faciəsini xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri sovet imperiyasının xalqımızın azadlıq əzmini qıra bilmədiyini qeyd ediblər.
Sonra rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov və ictimaiyyət nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olan rayon sakinlərindən Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə birlikdə ehsan süfrəsində iştirak ediblər. İcra başçısı xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatlarını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutan ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsindəki xidmətlərindən, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından danışıb. Habelə, 20 Yanvarın xalqımızın qürur və qəhrəmanlıq tarixi olduğunu qeyd edib, hər bir azərbaycanlının azadlıq uğrunda canlarından keçən şəhidlərimizlə fəxr etdiyini, onların əziz xatirəsinin respublikamızın hər yerində, o cümlədən Şamaxıda da böyük ehtiramla anıldığını söyləyib.
X X X
Qobustan rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq “20 Yanvar Milli Matəm günüdür” adı altında ümumrayon mərasimi keçirilib. Səhər saatlarında rayon rəhbərləri, gənclər, ağsaqqallar, ictimaiyyətin çoxsaylı nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər.
Mərasim rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxışında 20 Yanvarın Azərbaycan tarixində təkcə faciə kimi deyil, eyni zamanda, xalqımızın istiqlal yolunun, müstəqillik arzularının zirvəsi, milli məfkurəmizdə azadlıq istəyinin oyanış günü kimi qaldığını vurğulayıb. Qeyd edib ki, azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar hadisələri cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi.
Sonda rayonun ümumtəhsil məktəblərinin və şəhər uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib, 20 Yanvar faciəsindən bəhs edən film göstərilib.
X X X
Kürdəmirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib. Səhər saatlarında rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri 20 Yanvar parkına gələrək burada ucaldılan “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən kompozisiya nümayiş etdirilib. Mərasim iştirakçıları şagirdlərin əl işlərindən ibarət rəsm və 20 Yanvar faciəsi mövzusundakı kitab sərgiləri ilə tanış olublar.
Sonra ictimaiyyət şəhidlər xiyabanında ucaldılan “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzüblər. Şəhidlərin məzarları ziyarət edilib, üzərinə qərənfillər qoyulub.
Mərasim iştirakçıları 2016-cı il Aprel döyüşlərində şəhid olan baş leytenant Əbubəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə gələrək çiçəklər düzüblər. Həmin döyüşlərdə ermənilərin qəfil hücumunu dəf edərkən qəhrəmancasına şəhid olan Sığırlı kənd sakini, gizir Tural Qurbanovun məzarı da ziyarət olunub.
Yanvarın 20-də rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12.00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələri ilə səs siqnalları verilib.
X X X
Zərdabda da 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib. Səhər saatlarında rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı mərasim iştirakçıları xatirə parkına gəliblər. Burada ölkəmizin azadlığı, müstəqilliyi uğrunda şəhid olan vətən övladlarının ruhlarına dualar oxunub. Sonra şəhidlərin abidəsi önünə çiçəklər düzülüb, 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan divar qəzetlərinə, əl işlərinə və kitab sərgisinə baxış keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə anım mərasimində çıxış edərək müstəqillik yolunda xalqımızın azadlıq mübarizəsindən danışıb.
Mərasimdə 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş etdirilib.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin xatirə parkında ucaldılmış abidənin önünə tər güllər düzüblər.
X X X
Ağdaş, Göyçay, İsmayıllı və Ucar rayonlarında da on minlərlə insan Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsinin ildönümünü ehtiramla yad edib.