REGİONLAR
Şirvan məktəblisi: Tur-aksiya tariximizi, mədəniyyətimizi daha dərindən öyrənməyə kömək edir
Quba, 17 mart , Elxan Yusifli, AZƏRTAC
Qubanın qədim tarixi var. Amma buranın gözəl təbiətini də mütləq qeyd etmək lazımdır. Dağlar çox gözəl görünür. Məhz buna görə də Quba Azərbaycanda turistlərin ən çox gəldiyi rayonlardandır. Bu ekskursiya tariximizi, mədəniyyətimizi daha dərindən öyrənməyə kömək edir. Azərbaycanın hansı bölgəsinə getsək, tarixin silinməz izlərinə rast gələ bilərik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Əli Qasımov söyləyib.
Şirvan şəhər 1 saylı tam orta məktəbin şagirdi ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, ölkəmizin regionlarının nə qədər inkişaf etdiyinin də şahidi olduqlarını bildirib.
“Quba və Qusarı çox bəyəndim. Qusarda Şahdağ Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi, Qubada isə Cümə məscidi, Qırmızı Qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Hər bir məkan haqqında ətraflı məlumatlar aldıq. Mən tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Bütün məktəblilərə bu səfərlərdə iştirak etməyi arzulayıram”, - deyə Əli Qasımov qeyd edib.