REGİONLAR
Şirvan şəhər Şəhidlər xiyabanında abadlıq və təmir işlərinə başlanılıb
Şirvan, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirən Şirvan şəhər Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılır və mövcud məkan yenidən qurulur.
Şirvan şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, icra başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər prokuroru Kamal Talıbov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin şəhər şöbəsinin rəis müavini Nadir Əzizov, icra hakimiyyətinin başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri Şirvan Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Ziyarət zamanı bildirilib ki, Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən 137 nəfər şəhid olub, onlardan 99 nəfəri Şirvan Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi işlərinə başlanılıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub, zəruri tapşırıq və tövsiyələrini verib, Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Şəhidlərin valideynlərinə və yaxınlarına başsağlığı verib, belə qəhrəman övladlar böyütdükləri üçün təşəkkürünü bildirib.
Şəhid ailələri Şirvan Şəhidlər xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.