REGİONLAR
Şirvan şəhərində Ulu Öndərin xatirəsinə həsr edilən rəsm və kitab sərgisi açılıb
Şirvan, 6 may, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti dəfə şəhər icra hakimiyyətinin, şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş rəsm-foto və kitab sərgisi təşkil olunub.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli Liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda, dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri əks etdirən, həmçinin Ümummilli Liderin Şirvan şəhərinə səfəri zamanı çəkilmiş fotolar tədbir iştirakçılarında dərin təəssürat yaradıb.
Sonra Mərkəzdə Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr edilən film nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş rəsm və kitab sərgisinə baxıblar. Sərgidə gənc rəssamların Ulu Öndərə hörmət və ehtiramlarının əks olunduğu rəsm əsərləri və fenomenal, dahi şəxsiyyət haqqında yazılmış cild-cild kitablar haqqında ətraflı məlumat verən şəhər MKS-nin və Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları Ümummilli Liderin bütün fəaliyyəti dövründə kitabxana işçilərinə və rəssamlara göstərdiyi həssas münasibətin və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdrilməsindən ruhlandıqlarını bildirib və Ulu Öndərin hər zaman qəlblərdə yaşayacağını ifadə ediblər.