Şirvan şəhərində gənclərin IT biliklərinin artırılması məqsədilə iki böyük layihəyə başlanılıb
AzerTAg.az
Bakı, 15 mart, AZƏRTAC
Şirvan Gənclər Evi Kompüter Mərkəzinin təşkilatçılığı ilə gənclərin IT biliklərinin artırılması məqsədilə iki böyük layihənin açılış mərasimi keçirilib.
AZƏRTAC Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, aztəminatlı ailələrdən olan gənclərin kompüter biliklərinin inkişafı məqsədilə həyata keçirilən “Best IT” və Şirvan və ətraf rayon gənclərinin Qrafik dizayn biliklərinə yiyələnməsi, gənclərin dizayner bacarıqlarının formalaşması və inkişaf etdirilməsi, günümüzün aktual peşə sahələrindən olan Qrafik dizaynerlik işi üzrə bacarıqlı kadrların hazırlanmasını məqsəd seçən “Gənc dizayner” layihəsinin açılış mərasimində layihə iştirakçıları ilə birgə Şirvan rəsmiləri, təlimçilər iştirak ediblər.
Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənovun açılışını etdiyi tədbirdə rəsmi qonaqlar çıxış edib. Sonra hər iki layihənin rəhbəri və təlimçisi Aynur Gülüşova layihə haqqında ətraflı məlumat verib.
Layihələrin koordinatoru Rəşad Aslan proses barədə qonaqları və layihə iştirakçılarını məlumatlandırıb.
Beş ay davam etməsi nəzərdə tutulan “Best IT” layihəsi çərçivəsində gənclərə kompüterin texniki təminatı, proqram təminatı, “Windows 10” əməliyyat sistemi, alqoritmlərin əsasları, “Python” proqramlaşdırma dili (ilkin səviyyə), “MS Word”, “MS Excel”, “MS PowerPoint” proqramları üzrə dərslərin keçirilməsi nəzərdə tutulur.
“Gənc dizayner” layihəsi çərçivəsində isə gənclərin “Adobe Photoshop” və “Adobe Illustrator” proqramlarını öyrənmələri nəzərdə tutulub.
Hər iki layihə iştirakçılarının sosiallaşması və dünya görüşlərinin artırılması məqsədilə layihə iştirakçıları üçün həftədə bir dəfə müəyyən mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.





Xəbərin mətnində orfoqrafik səhv var