ELM VƏ TƏHSİL


“Şirvan xanlarının şəcərəsi” və Seyid Nəsiminin “Həqiqətlərə giriş” kitablarının təqdimatı olub

Bakı, 9 dekabr, AZƏRTAC

“Kitabevim.az” kitab evində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin nəşrə hazırladığı “Şirvan xanlarının şəcərəsi” və Seyid Nəsiminin yeganə nəsr əsəri olan “Həqiqətlərə giriş” kitablarının geniş ictimaiyyət üçün təqdimatı keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Fariz Xəlilli “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 2019-cu ildə gördüyü nəşr işlərindən danışıb. O, “Şirvan xanlarının şəcərəsi” kitabında tərcümə ilə yanaşı, qeydlərin də önəmli olduğunu vurğulayıb və həmin qeydlərdə Azərbaycanın xanlıqlar dövrü tarixinə dair maraqlı faktların yer aldığını bildirib. F.Xəlilli Seyid Nəsiminin “Həqiqətlərə giriş” əsərinin nəşrə hazırlanmasının uzun proses olduğunu, professor Fatih Usluərlə birgə çalışdıqlarını, nəsr əsərinin tərcüməsinin “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Nəsimi ili”nə töhfə olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli “Həqiqətlərə giriş” nəsr əsərinin tərcüməsindən, Nəsiminin nəzm əsərlərinə nisbətən dilinin daha çətin olmasından, fəlsəfi ifadələrin çoxluğundan danışıb, əsərdən bəzi iqtibaslar gətirib. Qeyd edib ki, əsərə Fəzlullah Nəiminin "Cavidannamə"sinin türk dilinə ixtisarla tərcüməsi kimi də baxmaq olar. Seyid Nəsimi türk coğrafiyasında hürufiliyin daha aydın anlaşılması üçün bu addımı atıb.

Professor Qafar Cəbiyev Azərbaycanda, xüsusilə Şamaxıda sufi abidələrinin zənginliyindən, Nəsiminin qardaşı Şahi Xəndana aid edilən xanəgahın, o cümlədən həmdövr sufi abidələrinin arxeoloji baxımdan öyrənilməsinin əhəmiyyətindən danışıb. Bu istiqamətdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin işlərini təqdir edib.

Təqdimatda iştirak edən Şirvan xanı Qasım xanın nəticəsi, görkəmli pedaqoq Ağarəzi xan Qasımxanlının nəvəsi Xanlar Qasımxanlı atalarından bəhs edən şəcərə kitabının nəşrinə, kitabın üz qabığında ulu babası Qasım xanın Zubovla görüşünü təsvir edən rəsmin və onların ailə arxivində saxlanan Şirvan xanlıq möhürünün verilməsinə görə məmnunluğunu bildirib.

Professorlar Minaxanım Nuriyeva, Abbas Seyidov, Şikar Qasımov, şair Zülfiqar Həbibi və digər çıxış edənlər kitablar haqqında təəssüratlarını bölüşüblər.

Sonda Fariz Xəlilli və Şəhla Xəlilli iştirakçılar üçün kitabları imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.