REGİONLAR


Şirvanda Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisinə fəxri fərman təqdim olunub

Şirvan, 6 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumşəhər tədbiri keçirilib. Tədbirə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Varis Qasımlı, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin və Təhsil Sektorunun məsul əməkdaşları, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinin, Kimya-biologiya təmayüllü liseyin və şəhər ümumtəhsil məktəblərinin müəllimləri qatılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Tədbir Şəhər İcra Hakimiyyətinin akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şirvan şəhər Təhsil Sektorunun metodisti Elçin Həsənov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat verib, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il yeni məktəb binalarının tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə, eləcə də təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva, 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Müsxə Məlikova, 21 nömrəli tam orta məktəbin hərbi hazırlıq rəhbəri Mehman Cəfərov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Varis Qasımlı, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov çıxış ediblər. Çıxışçılar müəllimlik peşəsinin şərəfli və məsuliyyətli olmasından, gələcək nəsillərin milli ruhda, düzgün əqidəli, vətənpərvər, dünyagörüşlü şəxsiyyət kimi yetişməsində müəllimin rolundan danışıblar.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov adından bütün təhsil işçilərini təbrik edib və müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Vətənimizin ərazi bütövlüyünün müdafiəsində şücaət göstərərək şəhid və qazi olan bütün gənclərimizin ümumtəhsil məktəblərinin məzunları olduğu, onların təlim-tərbiyəsində, nümunəvi vətəndaş kimi yetişməsində hörmətli və dəyərli müəllimlərimizin əməyi olduğu xüsusi vurğulanıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə dəyər verdiyi və təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığı qeyd edilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığı, son illərdə ölkəmizdə yeni məktəb binalarının tikildiyi, bu prosesin paytaxtla yanaşı, bütün bölgələri, o cümlədən Şirvanı da əhatə etdiyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 oktyabr tarixli təhsil işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən, 18 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızının “Tərəqqi” medalı ilə təltif edildiyi bildirilib. Bu Sərəncamın ümumilikdə Şirvan şəhər təhsilinə verilən dəyər olduğu qeyd edilib.

Tədbirin sonunda şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə Şəhər İcra Hakimiyyəti başçısının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.