REGİONLAR
Şirvanda Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib
Şirvan, 22 iyul, Mahir Babayev, AZƏRTAC
Şirvanda 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə rayonun rəhbər işçiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Samit Abıyev əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci ilin 22 iyulunda nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub və bu qəzet vasitəsilə Həsən bəy Zərdabi əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib. Qeyd olunub ki, sonrakı dövrlərdə də milli mətbuatımız həm tərəqqi, həm də tənəzzül dövrləri yaşayıb, müxtəlif siyasi quruluşlarda dövlətə, xalqa xidmət etməyin nümunələrini göstərib.
S.Abıyev ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi uğrunda gördükləri işləri faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən “Həyat məktəbi” qəzetinin redaktoru Qaçay Həsənli, şəhərdə çıxan “İşıq” qəzetinin redaktoru Fəxrəddin Rəhimov və başqaları ölkə və region mətbuatının hazırki vəziyyətindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən, şəhərdə aparılan geniş tikinti-quruculuq və abadlıq işlərindən söz açıblar.
Sonda jurnalistlərə qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.