REGİONLAR


Şirvanda Milli Qəhrəman Nofəl Quliyevin xatirəsi anılıb

Şirvan, 5 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Birinci Qarabağ müharibəsində vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan Milli Qəhrəman Nofəl Quliyevin doğum günü münasibətilə Şirvan şəhərində anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Şəhid Nofəl Quliyevin məzarı və büstü ziyarət olunub, ruhuna dualar oxunub. Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan sinif otağına baxış keçirilib. Şagirdlərə milli qəhrəman haqqında geniş məlumat verilib.

Tədbir akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin gənc nəslin vətənpərvər, cəsarətli yetişməsində rolundan və əhəmiyyətindən danışıb. Dövlət səviyyəsində şəhid adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən bəhs edilib və Nofəl Quliyevin və Birinci Qarabağ müharibəsinin digər şəhid və qazilərinin qəhrəmanlıq irsinin, düzgün təbliğinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində bütün Azərbaycan gənclərinin səfərbər olduğu, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unda birləşərək torpaqlarımızı işğaldan azad etdiyi diqqətə çatdırılıb.

9 nömrəli tam orta məktəbin direktoru Güllü Rzayeva, Milli Qəhrəman Nofəl Quliyevin tarix müəllimi Xalid Səlimov Nofəlin keçdiyi ömür yolundan, məktəbin məzunu olmasından qürurla söz açıb, təhsil illərində özünü bacarıqlı şagird kimi göstərdiyini, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazandığını, igidliyilə gənclərə örnək olduğunu bildiriblər. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünü qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə ona Azərbaycanın Milli Qəhrəmanı adının verildiyi, təhsil aldığı orta məktəbin onun adını daşıdığı, Şirvan şəhərində büstü qoyulduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda 9 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Nofəl Quliyevə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.