REGİONLAR
Şirvanda Ulu Öndərin xatirəsinə həsr edilmiş güləş yarışına 105 yeniyetmə pəhləvan qoşulub
Şirvan, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər davam etdirilir. Növbəti dəfə Şirvan Olimpiya İdman Kompleksində güləş yarışı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı yeniyetmələr arasında yunan-Roma güləşi üzrə açıq şəhər birinciliyi keçirilib. Yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqın xilaskarı ulu öndər Heydər Əliyevin və vətənimizin müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov açaraq yarış iştirakçılarına uğurlar arzulayıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşad Hüseynov və yunan-Roma güləşi üzrə veteran idmançı, əməkdar məşqçi İbrahim Əhmədov dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatından, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs ediblər. Ölkəmizdə idmanın inkişafının əsası və beynəlxalq aləmdə əldə olunan uğurların təməlinin Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.
Yunan-Roma güləşi üzrə birincilikdə Şirvan və Sumqayıt şəhərləri, Abşeron, Quba, Qusar, Göyçay, Kürdəmir rayon komandaları üzrə ümumilikdə 105 nəfər idmançı-şagird 10 çəki dərəcəsində mübarizə aparıb. Gərgin idman mübarizəsində keçən görüşlərdən sonra hər çəki üzrə I, II, III yerin sahibləri məlum olub. Qaliblər Şirvan şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.