REGİONLAR


Şirvanda Vətən müharibəsi şəhidi Asif Qəribovun xatirəsi anılıb

Şirvan, 1 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvanda Vətən müharibəsi şəhidi Asif Qəribovun xatirəsi anılıb, şəhidin məzarı ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Asif Qəribovun anasına Vətən üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib. Azərbaycan xalqının qəhrəmanlıq tarixinə əsgər və zabitlərimizin qanı ilə yazılan 44 günlük Vətən müharibəsinin şanlı məqamlarından bəhs edilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə olunan təşkilati dəstəkdən danışılıb. Şirvan şəhərində həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsi şəhidlərinə və ailələrinə xüsusi həssaslıqla yanaşıldığı şəhid adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyü qeyd edilib. Şirvan şəhərinin Vətən müharibəsində ilk şəhidi olan Asifin digər şəhidlərimiz kimi hər zaman qəlblərdə yaşayacağını, onun ömür yolunun gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynayacağı bildirilib.

Sonra çıxış edən Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Asifin və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərməğan qoyduqları vətən torpaqlarının daim qorunacağını söyləyiblər.

Daha sonra tədbir iştirakçıları “Şəhid Anası” memorial abidə kompleksini və şəhid Amal Seyfəddin oğlu Alışanlının Şəhidlər xiyabanının qarşısında yaradılan xatirə guşəsini ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.