REGİONLAR


Şirvanda dövlət qulluğuna yeni qəbul olan əməkdaşlar sədaqət andı içiblər

Şirvan, 23 iyun, Aydın Yavərzadə, AZƏRTAC

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısının müavinləri və əməkdaşları, şəhərdə fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələrı düzüblər.

Şəhər icra hakimiyyətinin akt zalında davam edən tədbirdə icra başçısı İlqar Abbasov çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. İlqar Abbasov ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva ölkəmizdə dövlət idarəetmə sistemində həyata keçirilən islahatlardan, vahid dövlət siyasətinin formalaşdırılmasından, kadr siyasətinin əsas prinsiplərinin müəyyən edilməsindən, geniş hüquqi bazanın yaradılması sahəsində görülən işlərdən danışıb. Hər il dövlət başçısı tərəfindən uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və öz vəzifəsini ləyaqətlə yerinə yetirən dövlət qulluqçularının müxtəlif orden və medallarla təltif edildiyini vurğulayıb.

Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, veteran dövlət qulluqçuları Həzi Qasımov, Adəm Hüseynov, Firuzə Məmmədova dövlət qulluğunda xidmət göstərməyin çətin və məsuliyyətli, eyni zamanda, şərəfli olmasından bəhs ediblər. Dövlət qulluqçusu üçün ən vacib amilin sədaqət olduğunu, dövlətin prinsiplərinin şəxsi mənafedən üstün tutulmasının vacibliyini bildiriblər. Natiqlər Ulu Öndərin miras qoyduğu dövlətçilik ənənələrinin gənc dövlət qulluqçuları tərəfindən ləyaqətlə davam etdirilməsini arzulayıblar.

Sonra dövlət qulluğuna yeni qəbul edilən şəhər icra hakimiyyəti aparatının 3 əməkdaşı dövlətə sədaqət andı içiblər.

Tədbirin sonunda bir qrup dövlət qulluqçusu şəhər icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.