CƏMİYYƏT
Şirvanda hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktiki tədbirlər davam etdirilir
Bakı, 7 may, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücüləri saxlayaraq onlarla maarifləndirici söhbətlər aparıb, onları yol verdikləri qayda pozuntuları barədə məlumatlandırıblar.
Həmçinin polis əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrini və marşrut avtobuslarında sərnişinlərin mütləq qaydada tibbi maskadan istifadə etmələrini tapşırıblar.
Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.