REGİONLAR
Şirvanda kənd təsərrüfatı təyinatlı texnikaların güzəştli şərtlərlə yarmarkası keçirilib VİDEO
Şirvan, 26 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Səpin mövsümü ilə əlaqədar “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) Şirvan Təchizat Bazasında “Açıq qapı sərgi-satış yarmarkası” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yarmarkada fermerlər 1000-dən artıq texnika ilə tanış ola, onları sınaqdan keçirmək və sərfəli qiymətlərlə almaq fürsəti əldə edib. Yarmarkaya çıxarılan texnikaların satışı operativ şəkildə mərkəzi ofisə gəlmədən 40 faiz güzəştlə lizinq və nağd yolla təşkil edilib.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov bildirib ki, yarmarka fermerlərə sərfəli qiymətlər və kampaniyalar vəd edib. Yarmarkaya çıxarılan bir çox texnika bazar qiymətindən 10 faiz ucuz qiymətə təklif olunub. Traktor alana 2 illik zəmanət, 1 illik texniki baxış hədiyyə və yerində nömrə alışı, 1 illik AgroUber mobil platformasından ödənişsiz istifadə imkanı, asılan-qoşulan texnika alana çatdırılma, quraşdırma və istifadə qaydalarına dair təlim və 1 dəfə gübrə daşıma xidməti hədiyyə edilib. Yarmarka iştirakçılarına maraqlı aksiya da təşkil edilib. Bütün iştirakçılar keçiriləcək uduşa qoşularaq və qalib müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd qarşıdan gələn səpin mövsümündə fermerlərin vəsaitlərinə qənaət etmək, yeni innovativ texnikalarla tanışlıq, fermerlər arasında əlaqələndirmə yaratmaq, məlumatlandırma və informasiyanı birbaşa çatdırmaqdır. Şirvanda keçirilən yarmarka 1 gün davam edib. Tədbirlər, kampaniya və aksiyaların davam edəcəyi bildirilir.
Yarmarkada iştirak edən fermerlər və mexanizatorlar təklif olunan şərtlərdən yararlana bilib. Sərgidə təqdim olunan yeni və müasir texnika o cümlədən aqreqat və qoşqular alıcıların tələbinə uyğun olub.