REGİONLAR
Şirvanda koronavirus əleyhinə profilaktik tədbirlər davam edir
Şirvan, 27 mart, Mahir Babayev, AZƏRTAC
Şirvanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən xüsusi nəqliyyat vasitələri ilə şəhərin iri küçə və prospektləri dezinfeksiya edici maddələrlə yuyulmuş, eyni zamanda Heydər Əliyev, Nəriman Nərimanov, Səməd Vurğun adına parklarda, İstiqlaliyyət və M.Ə.Rəsulzadə prospektləri boyunca yerləşən park və xiyabanlarda və “MTK İK” MMC-nin Şirvan Yağ-Piy filialında dezinfeksiya işləri aparılır. Şəhərdə epidemioloji durumun ciddi nəzarət altında saxlanılması məqsədi ilə mütəmadi olaraq digər profilaktik tədbirlər də həyata keçirilir, maarifləndirmə işləri gücləndirilir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, əhalidən şəxsi gigiyena qaydalarına əməl edilməsi, özünütəcrid tədbirlərinə uyğun olaraq davranılması, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxılması, digər şəxslərlə minimum kontaktda olunması, insanların sıx toplaşdığı yerlərə gedilməməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət olunması tələb olunur.