REGİONLAR
Şirvanda oğurluq edən iki nəfər tutulub
Şirvan, 25 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) səhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 3630 manat olan tikinti materiallarının, məişət-əşya və avadanlıqların oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Zamanov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisində fəaliyyəti dayandırılmış müəssisələrin birindən dəyəri 2000 manat olan dəmir darvazanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Mütəllimov saxlanılıb.
Dindirilmə zamanı M.Mütəllimov oğurluq hadisəsini etiraf edərək, darvazanı şəhər ərazisində fəaliyyət göstərən əlvan metalların qəbulu məntəqələrindən birinə dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri başlanılıb, hadisələrdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.