CƏMİYYƏT


Şirvanda özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birgə Şirvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar həssas əhali qruplarından olan Samirə Abbasovanın, Gülnarə Xəlilovanın, Əvəza Ağayevin və Şəlalə Rzayevanın proqram çərçivəsində verilmiş mal və materiallar hesabına yaratdıqları müəssisələrin (qadın gözəllik salonu, dərzi sexi, avtoyağlama, un məmulatları istehsalı müəssisəsi) fəaliyyəti ilə tanış olublar.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək vermək və onların ailə bizneslərini qurmağa, bununla da rifah halını yaxşılaşdırmağa imkan yaratmaqdır. Bu il özünüməşğulluq proqramı daha da genişləndirilir, 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunması və biznes planları müsbət dəyərləndirilənlərin aktivlərlə təminatı işləri aparılır.

Nazir qeyd edib ki, Şirvan şəhərində də ötən il əsasən həssas əhali qruplarından olmaqla 182 nəfər proqrama cəlb olunub. 2020-ci ildə bu rəqəm daha çox olacaq və bu ilin ötən dövründə artıq 152 nəfər proqrama qoşulub. Onlardan artıq bir qisminə aktivlər də verilib. Bu il proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləri və başqaları təşkil edir.

Proqram iştirakçıları onların sahibkarlığa çıxışına və sosial rifahına göstərdiyi böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar öz kiçik müəssisələrini inkişaf etdirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.