REGİONLAR
Şirvanda referendumla bağlı zona seminar-müşavirəsi təşkil olunub
Şirvan, 7 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair Şirvan şəhərində zona seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd seçki qanunvericiliyinin və səsvermə günü polisin üzərinə düşən vəzifələrin və ictimai qaydaların qorunmasının izah edilməsi olub.
Seminar-müşavirədə MSK üzvü Qabil Orucov seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında məlumat verib. Bildirib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi şəhər və rayon polis idarəsi nümayəndələrinin və dairə seçki komissiyalarının üzvlərinin bilik və səriştələrinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb, səsvermə başa çatdıqdan sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Sonra MSK-nın digər üzvü İlkin Şahbazov referendum subyektləri, onların hüquq və vəzifələri mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.