REGİONLAR
Şirvanda seçki mübahisələrinin məhkəmə qaydası ilə həlli mövzusunda seminar-müşavirə keçirilib
Şirvan, 24 yanvar, Mahir Babayev, AZƏRTAC
Yanvarın 24-də Şirvan şəhərində Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda” seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Seminar-müşavirədə çıxış edən MSK-nın üzvü Tofiq Həsənov bildirib ki, layihənin məqsədi fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli şəkildə keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin səmərəliliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.
Müşavirədə çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev qeyd edib ki, bu tədbir seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatlılığının artırılmasına, bu istiqamətdə görülən işlərin səmərəliliyinin gücləndirilməsinə və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.
Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Milli Məclisə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Ali Məhkəmənin hakimi İlqar Dadaşov Milli Məclisə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Müşfiq Həsənov məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.