CƏMİYYƏT
Şirvanda tanışı ilə əlbir olaraq qonşusunu qətlə yetirən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 26 fevral, AZƏRTAC
Xəbər verildiyi kimi, fevralın 5-də səhər saatlarında Şirvan şəhəri ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkarlanması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şirvan Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək tutulub istintaqa cəlb olunması məqsədilə prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayət “isti izlər”lə açılıb, Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunub.
İstintaqla 1993-cü il təvəllüdlü Surxay Seyfullayevin tanışı 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-nə keçən gecə tamah məqsədilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.
Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilib, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkarlanaraq cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.