REGİONLAR
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
Şirvan, 19 fevral, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən bütün bölgələrdə olduğu kimi, Şirvan şəhərində də əhalinin kütləvi pulsuz tibbi müayinəsinə başlanılıb. Üç ay davam edəcək aksiya çərçivəsində şəhər üzrə 18 yaşından yuxarı 63 min 850 nəfər tibbi yoxlamadan keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında keçirilir. Müayinə olunmaq üçün yüzlərlə şəhər sakini aksiyaya qoşulub. Vətəndaşlar əvvəlcə qeydiyyata alınır, sonra müayinədən keçirlər. Sakinlər poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən müayinə olunur, xəstəlik aşkarlanan vətəndaşlar müalicəyə cəlb edilirlər. Aksiyanın keçirilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanır.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı tibb müəssisəsi tam hazır vəziyyətə gətirilib. Təcrübəli həkim və orta tibb heyəti aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Kollektiv aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün gücləndirilmiş iş rejiminə keçib. Gün ərzində 500-550 nəfərdən çox vətəndaş müayinə olunur. Fevralın 12-dən bu günə kimi 8 min 721 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 719 nəfər ambulator, 52 nəfər stasionar müalicəyə cəlb edilib, 15 nəfər təkrar müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. 12 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb.
Pulsuz tibbi müayinə mayın 12-dək davam edəcək.