ELM VƏ TƏHSİL
Şirvanda yeni məktəb binası açılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllim və şagirdlərin, valideynlərin iştirak etdikləri tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Təhsil Nazirliyinin səmərəli layihələr həyata keçirdiyini qeyd edən nazir müavini müəllimlik peşəsinə marağın artırılması istiqamətində atılan addımlardan danışıb.
Nazir müavini bildirib ki, yeni tədris ilinin əvvəlində bir neçə bölgədə yeni məktəb binaları istifadəyə verilib və bu, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Məhəbbət Vəliyeva məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 2019-2020-ci tədris ilinin prioritetlərini, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov cəmiyyətdə təhsilin mühüm rolundan bəhs edib, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərildiyini deyib.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 432 şagird yerlikdir. Təhsil müəssisəsində 23 sinif otağı, fizika, kimya laboratoriyaları, idman zalı, akt zalı və s. var.