MƏDƏNİYYƏT


Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azərbaycanın dünyaca məşhur şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, şairin unikal yaradıcılığını əks etdirən musiqili ədəbi-bədii gecə çərçivəsində fondun himayəsi ilə yaradılmış “Dədə Qorqud” Kamera Orkestri Azərbaycanın görkəmli bəstəkarları tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərləri ifa edib.

Tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunan səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun prezidenti Gunay Əfəndiyeva qonaqları salamlayaraq deyib: “Dahi Azərbaycan şairi, Türk dünyasının fəxri, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecənin keçirildiyi bu qədim Şirvanşahlar sarayına xoş gəlmisiniz. Bu gün burada görkəmli ziyalılarımızla, xarici ölkələrin səfirləri ilə yanaşı, Bakıya və Şuşaya səfər edən Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri də iştirak edir. Onları da xüsusi olaraq salamlayıram. Nizami Gəncəvi 68 illik bir ömür yaşayıb. Ancaq onun qoyub getdiyi miras nəinki 68 ilə, hətta aradan keçən 880 ilə də sığmır. Ona görə də Nizami Gəncəvi bizim daima müasirimiz olmaqla yanaşı, bütün zamanların müasiri olaraq qalacaqdır. Bu müddət ərzində dahi şairin yaradıcılığı haqqında yüzlərlə tədqiqat işləri aparılıb, kitablar yazılıb. Ancaq bu günün özündə də Nizamişünaslıq yeni-yeni kəşflər edir, yeni fikirlər, yeni mülahizələr irəli sürür. Əsrlər bir-birini əvəz edir. Siyasi-ictimai epoxalar dəyişir, hər dəfədə Nizami ədəbi irsi yeni baxış irəli sürür. İpək Yolunun üzərində yerləşən Gəncədə dünyaya göz açan Nizami ömrü boyu burada yaşayıb yaradıb. O, şəhəri qədim Babilə bənzədirdi. Öz yaradıcılığını isə Gəncənin sərvəti kimi təqdim edirdi. Lakin, tarix sübut etdi ki, onun yaradıcılığı yalnız Gəncənin deyil, bütün Türk dünyasının bəşəri sərvətidir. Nizami dövründə Azərbaycanda yaranmış dövlətlərə, Şirvanşahlar və Eldəgizlər kimi türk sülalələri başçılıq edirdi. Nizami Gəncəvi bir çox dillər bilirdi. O dövrün ənənəvi poeziya dili olan fars dilindi yazırdı. Ancaq onun mənəvi-poetik dili türk dili idi. Onun qıpçaq qızına, Afaqa olan məhəbbəti, bütün türk dünyasına olan məhəbbətin ifadəsi idi. Nizami bütün türk dünyasının dahi sənətkarı idi”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vurğulayıb ki, 2021-ci il Azərbaycanda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilib: “Bu yalnız klassik Azərbaycan ədəbiyyatına deyil, böyük Türk dünyasına olan ehtiramın parlaq ifadəsidir. Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının inkişafında deyil digər incəsənət sahələrinin inkişafında da mühüm rol oynayıb. Bir çox görkəmli Azərbaycan bəstəkarları öz yaradıcılıqlarında Nizaminin əsərlərinə müraciət ediblər. Bu gün bu incilərdən bəziləri Beynəlxalq Türk Mədəniyyət İrsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” Kamera Orkestrının ifasında səslənəcək. Biz orkestrın bədii rəhbəri Azərbaycanın Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovla birlikdə bu yola çıxaraq Türk dünyasının zəngin mədəniyyətini, incəsənətini və musiqi xəzinəsini bütün dünyaya təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Sizi bu qədim məkanda dahi Nizaminin, eləcədə ölməz bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun sehrli sənət dünyasına dəvət edirəm”.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirərək deyib : “Həqiqətən də biz hamımız bu cür tədbirlərin keçirilməsi üçün darıxmışıq. Belə bir fürsətin yaradılmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü təqdirəlayiqdir. Bildiyiniz kimi ölkə rəhbərliyi tərəfindən “Nizami İli” elan olunmuşdur. Bu bir daha Azərbaycan dahisi, şairi, mütəfəkkiri olan Nizamiyə olan hörmətin və dövlət tərəfindən ona göstərilən diqqətin nümunəsidir. Bu ilin elan edilməsi Nizaminin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ edilməsi deməkdir. Nizaminin unikallığı ondan ibarətdir ki, bu şəxsiyyət Azərbaycandan - Gəncədən kənara çıxmayaraq, onun əsərləri, fəlsəfi fikirləri nəinki Türk Dünyasına, regiona, Yaxın Şərqə, hətta bütün dünyaya yayıldı, örnək oldu, onun əsərlərində əks etdirdiyi prinsiplərə, dəyərlərə istinadlar edildi. Təsadüfü deyildir ki, Avropanın aparıcı yazıçıları, şairləri onun əsərlərindən bəhrələnirdi”.

Mədəniyyət naziri digər aidiyyəti qurumlar tərəfindən “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlandığını söyləyib. Nazir deyib ki, bu il Nizami Gəncəvinin qəzəllərinin çap olunması, əsərlərinin geniş şəkildə təbliği, beynəlxalq ədəbiyyat festivalının keçirilməsi, onun poemaları əsasında filmlərin çəkilməsi, Bakı Beynəlxalq Kitab Sərgisinə şairin adının verilməsi və sair silsilə tədbirlər nəzərdə tutulub. O, belə silsilə tədbirlər içərisində bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Mədəniyyət Nazirliyi olaraq türk dünyasını təmsil edən qurumlarla çox gözəl əməkdaşlıq edirik. Bu bizim siyasətimizin prioritet bir hissəsidir. Biz Türk dünyasında müştərək olan şəxsiyyətlərimizin və adət-ənənələrimizin, tariximizin təbliğ olunmasına nail oluruq”,- deyə nazir vurğulayıb.

Sonra Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Dədə Qorqud” Kamera Orkestrinin konserti olub. Orkestr Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərləri ifa edib. Gecədə Azərbaycanın Xalq artisti Mircavad Cavadovun udda müşayiəti ilə Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı Nizaminin qəzəllərini səsləndirib. Azərbaycanın Əməkdar artisti Anar Şuşalı Ü.Hacıbəylinin “Sənsiz” və “ Sevgili Canan” romanslarını oxuyub. Konsertdə Azərbaycanın Xalq artisti Kamilla Hüseynovanın quruluş verdiyi xoreoqrafik səhnələr nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.