SİYASƏT
Şişoh Şinoda: Regionun lider ölkəsi olan Azərbaycan haqqında ilk yapon veb-saytının məlumatları böyük maraqla qarşılanır VİDEO
Tokio, 14 mart (AZƏRTAC). Regionun lider ölkəsi, son illər sürətli inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb etmiş Azərbaycan haqqında “Azərbaijan Japan Venture Community” ilk yapon veb-saytının məlumatları Yaponiyada böyük maraqla qarşılanır.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı müxbirinə müsahibəsində veb-saytın icraçı meneceri Şişoh Şinoda bildirmişdir. Ötən ilin noyabrında fəaliyyətə başlamış veb-sayt haqqında məlumat verən Ş.Şinoda onun təşkilində göstərdikləri yardıma görə Azərbaycanın Yaponiyadakı səfirliyinə və Tokioda fəaliyyət göstərən “World Investers TV” internet televiziyasına minnətdarlığını bildirmişdir. O demişdir: “Azərbaycan haqqında məlumatların əldə edilməsində azərbaycanlı dostlarımız da bizə yaxından kömək göstərirlər. İlkin mənbə olaraq biz AZƏRTAC, Trend agentliklərinin, news.az və digər saytların materiallarından, Azərbaycan Televiziyasının yayımladığı görüntülərdən istifadə edirik”.
Veb-saytın yaradılmasında məqsədin regionun lider dövlətinə çevrilmiş Azərbaycan ilə Asiyanın ən inkişaf etmiş ölkəsi olan Yaponiya arasında əməkdaşlıq əlaqələrinin inkişafına yardım göstərməkdən ibarət olduğunu qeyd edən Ş.Şinoda bildirmişdir ki, bu internet resursu həm də iki xalq arasında körpü rolunu oynayacaqdır. Biz sürətlə inkişaf edən Azərbaycanın Yaponiyada tanınmasına, onun əldə etdiyi uğurlar barədə burada daha çox insanın məlumat almasına kömək etməyə çalışırıq.
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın enerji ehtiyaclarının ödənməsinə istiqamətlənmiş siyasətinin rəğbətlə qarşılandığını diqqətə çatdıran Ş.Şinoda bunun ölkənin inkişafına da mühüm təsir göstərdiyini qeyd etmişdir. O demişdir: “Bakıya ilk səfərimdə mən sanki ikinci Dubayla qarşılaşmışdım. Hər yerdə sürətli və müasir inkişaf diqqəti cəlb edirdi. Sanki qədim abidələrin içərisindən çox modern bir şəhər yaranırdı. Bu məndə və mənimlə birlikdə Azərbaycana səfər etmiş yapon iş adamlarında böyük təəssürat yaratdı. Azərbaycana ötən ilin noyabrında reallaşmış səfərimizin məqsədi işgüzar əlaqələrin qurulmasından ibarət olduğundan təəssüf ki, biz bu ölkə ilə yaxından tanış ola bilmədik. Amma bir həftə ərzində Bakıda gördüklərimiz bizdə burada böyük inkişaf bumunun yaşaması haqda fikirlər formalaşdırdı.
Veb-saytın yaradılmasında əsas məqsədin, eyni zamanda, Azərbaycan şirkətləri ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın formalaşmasına yardım etməkdən ibarət olduğunu vurğulayan Ş.Şinoda bildirmişdir ki, biz elə bir meydan açmağa çalışırıq ki, burada hər iki tərəfin nümayəndələri axtardıqlarını tapmaqda çətinlik çəkməsinlər. Buna görə də çox istərdik ki, Yaponiya ilə yanaşı, həm də Azərbaycanda bizim çoxlu sayda izləyicilərimiz olsun. Bu, Azərbaycanı Yaponiyada tanıtmaqla yanaşı, həm də bu gündoğar ölkəni sizdə daha da məşhurlaşdırardı. Biz bu məsələdə Azərbaycan tərəfinin dəstəyinə ehtiyac duyuruq. Hazırda bizim sayta gün ərzində orta hesabla 200 nəfər müraciət edir, lakin biz gözləyirik ki, saytın həm yapon, həm Azərbaycan, həm də ingilis dillərində məlumatlar yayması istifadəçilərin sayını hər iki tərəfdə çox artıracaqdır. Digər tərəfdən, biz iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin konkret təkliflərini gözləyirik və bu barədə məlumatları böyük məmnuniyyətlə veb-saytımızda yerləşdirəcəyik.
“Azərbaijan Japan Venture Community” veb-saytı ilə əlaqə qurmaq istəyənlər http://azerbaijan.vc/ linkinə müraciət edə bilərlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio