REGİONLAR


Sıx birliyimizin simvolu, ilk qələbəmiz, düşmənin ilk məğlubiyyəti – Sədərək döyüşləri

Naxçıvan, 19 yanvar, Rauf Kəngərli, AZƏRTAC

Hərb tariximizin şanlı səhifələrindən olan Naxçıvan döyüşləri ilk qələbəmiz, düşmənin ilk sarsıdıcı məğlubiyyəti ilə nəticələnib. Buna görə də, 1990-cı il yanvarın 19-u ermənilərin Naxçıvan Muxtar Respublikasını işğal cəhdlərinin iflasa uğradığı, tarixin arxivinə atıldığı gün kimi tarixə düşüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 20 Yanvar faciəsi ərəfəsində erməni silahlıları keçmiş sovet rəhbərliyinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasını işğal etmək planlarını həyata keçirməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.

Həmin gün xain düşmən muxtar respublikanın bütün sərhəd məntəqələrinə qarşı hücuma keçib. 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər təxminən saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qalıb. Həmin vaxt ermənilər muxtar respublikanın, demək olar ki, bütün sərhəd kəndlərini atəşə tutsalar da, əsas qüvvələrini Sədərək istiqamətinə yönəldiblər. Sədərək yanvarın 19-da şiddətli top atəşinə tutulub.

İgidlər, sərkərdələr diyarı Naxçıvan yüzlərlə şəhid versə də, düşmən qarşısından bir addım belə, geri çəkilməyib. Ermənilər gözləmədikləri müqavimətlə rastlaşıb və müdafiə xəttini keçə bilməyiblər.

Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası başlayıb. 1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan edib. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunub ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilib.

Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana hərbi təcavüzünə yönəldib. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də, məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş olub.

Ümummilli lider Heydər Əliyevin ciddi səyləri ilə Qars və Moskva beynəlxalq müqavilələrinin gündəmə gətirilməsi Azərbaycanı parçalamaqla bağlı planlara güclü zərbə vurdu. Ötən il ölkəmiz üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi isə qardaş dövlətlərin ərazi bütövlüyü daxil olmaqla, digər bir sıra mühüm məsələlərdə sarsılmaz mövqeyini bir daha ortaya qoydu. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artırdı.

Bu gün 20 Yanvar faciəsinin səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, qırğının törədilməsindən keçən 32 il ərzində sübut olunub ki, “qırmızı imperiya”nın bu terror aktını törətməkdə məqsədlərindən biri də Bakıya qoşun yeridərək, diqqəti Naxçıvan cəbhəsindən yayındırmaq idi. Keçmiş sovet rəhbərliyi anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğal olunmasına şərait yaratmağa çalışırdı. Lakin tarix sübut etdi ki, birlik, inam, Vətən sevgisi, yurda bağlılıq olan yerdə, hətta güclü düşmənə belə, qalib gəlmək mümkündür. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun uğurla həyata keçirdiyi Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsində Naxçıvandan döyüşlərə yollanan hərbçilərin göstərdiyi şücaət, qəhrəmanlıq isə bir daha göstərdi ki, bu gün Naxçıvanın təhlükəsizliyi tam təmin olunub. Gücü, qüdrəti ilə öyündüyümüz ordumuz muxtar respublikaya hücum etməyə cəhd göstərəcək, hətta xain niyyətlərlə hüdudlarına yaxınlaşmaq istəyinə düşmək arzusunda olan düşməni belə darmadağın etmək qüdrətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.