İDMAN


Siyana Vasileva: V İslam Həmrəyliyi Oyunlarında qrup hərəkətləri komandamızdan yüksək nəticə gözləyirik

Bakı, 6 avqust, AZƏRTAC

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının Konyadakı V İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda keçirilmiş yoxlama məşqi bayrama çevrildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın məşqçisi Siyana Vasileva deyib.

S.Vasileva bildirib ki, məşq zamanı Milli Gimnastika Arenasının tribunalarında çoxsaylı tamaşaçılar, o cümlədən uşaqlar var idi, hər kəs idmançılarımızın çıxışlarını dəstəkləyirdi. Düşünürəm ki, idmançılarımız yarışa yaxşı hazırlaşıblar. Təbii ki, üzərində işləyəcəyimiz kiçik qüsurlar var. V İslam Həmrəyliyi Oyunlarında qrup hərəkətləri komandamızdan yüksək nəticə gözləyirik.

Milli komandanın lideri, fərdi proqramda çıxış edən Zöhrə Ağamirovadan danışan S.Vasileva onun peşəkarlıq baxımından gündən-günə inkişaf etdiyini bildirib.

S.Vasileva deyib: “Bütün rəqiblər güclüdür, biz hamını yüksək qiymətləndiririk. Mən həmişə deyirəm ki, biz özümüz-özümüzə rəqibik. Ən əsası odur ki, öz məqsədlərimizə çatmaq üçün yaxşı işləməliyik.

V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova medallar uğrunda mübarizə aparacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da İslamiadada gücünü sınayacaq. Mötəbər turnirin aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında da çıxış edəcəklər. M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da mübarizə aparacaqlar. Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov Azərbaycanın idman şərəfini qoruyacaqlar.

Qeyd edək ki, “Konya-2021”də bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası ayın 10-11-də və 17-18-də, aerobika isə 13-14-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.