SİYASƏT
Siyasi ekspert: Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bərabər, regionda sülh və əmin-amanlığın qorunmasında ən maraqlı tərəfdir
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan və Rusiya dövlət başçılarının ikitərəfli görüşü bir çox geosiyasi və geoiqtisadi məsələlər üzrə tərəflər arasında kəskin fikir ayrılığının olmamasından xəbər verir. Bu tezisin əsaslandırılması üçün bir neçə arqumentə müraciət etmək olar. İlk növbədə, qeyd edək ki, Prezident Vladimir Putin “Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsi ilə bağlı kompromis qərarlar tapdığı” üçün Azərbaycan Prezidentinə təşəkkür edib. Realizm nəzəriyyəsinin banilərindən olan H.Morgentauya görə, kompromis inandırma və güc tətbiq etməklə hədələmə ilə birlikdə diplomatiyanın üç əsas vasitəsindən biri hesab olunur. Hərbi hücum, müdaxilə, toqquşma və müharibə isə artıq hərbi strategiya sahəsinə aid olduğuna görə H.Morgentaunun fikrincə, diplomatik vasitələr hesab edilmir. Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Vladimir Putin son günlərdə Ermənistan-Azərbaycan sərhədində və Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə baş verən atışmalarda Azərbaycanı yox, məhz Ermənistanı dolayısı yolla günahlandırır. Belə ki, “kompromisli qərarlar” Azərbaycanın hətta Ermənistan üzərində Qələbəsindən sonra da dinc vasitələri güc tətbiq etməkdən üstün tutmasından xəbər verir. Digər tərəfdən, bu ifadə, həmçinin Rusiyanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiya məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini göstərir. KTMT-nin Baş katibi S.Zasın da sərhəd məsələsinin təşkilatın öhdəliyinə aid olmadığını bildirməsi Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelərin bizə aid olmasından və sovet xəritələrinə uyğun aparılacaq delimitasiya prosesi çərçivəsində bizə de-yure keçəcəyindən xəbər verir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov bildirib.
Siyasi ekspert deyib ki, prezidentlərin görüşündə diqqət yetiriləsi daha bir vacib məqam Rusiya Prezidenti Vladimir Putinin söhbət əsnasında bir dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməməsidir. Ümumiyyətlə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova görə, iki saatlıq söhbət ərzində iqtisadi əməkdaşlıq, koronavirusa qarşı mübarizə, vaksinlərin birgə istehsalı və Ermənistan-Azərbaycan münaqişəsi tam müzakirə olunub. Əgər D.Peskov mövzuları təsadüfi deyil, əhəmiyyətinə görə sadalayıbsa, onda iqtisadi münasibətlər və koronavirusa qarşı mübarizə iki saatlıq müzakirənin ən azı yarısını tutmalı idi. Bu da artıq Azərbaycan ilə Rusiya arasında ziddiyyətli məqamların az olmasından, həmçinin rəsmi Moskva üçün təxribatçının Azərbaycan deyil, Ermənistan olmasının aşkarlığından xəbər verir. Əgər Rusiya sərhəddə və sülhməramlıların nəzarətində olan ərazidə atışmaların səbəbkarı qismində Azərbaycanı və ya hər iki tərəfi nəzərdən keçirsəydi, müzakirənin əsas hissəsi iqtisadi məsələlərə və COVID 19-a qarşı mübarizəyə deyil, məhz bu problemlərə həsr olunardı.
“Hazırda Avropa İttifaqı Rusiyanın maraqlar sahəsinə daxil olmağa cəhd göstərir. Lakin Qoşulmama Hərəkatının sədri, xarici siyasətini milli maraqlara uyğun həyata keçirən və balanslaşdırılmış siyasətə xüsusi diqqət yetirən Azərbaycandan fərqli olaraq, Ermənistan kənar qüvvələrin regiona nüfuz etməsi üçün ən münasib plasdarm hesab olunur. Ermənistan da özünə yaxın və orta gələcəyə hədəflənən yeni himayədar axtarır. Bütün bu hadisələrin fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfər etməsi diplomatiyamızın balanslaşdırma siyasətinə yüksək səviyyədə əhəmiyyət verməsinin göstəricisi olmaqla bərabər, üçtərəfli Bəyanatın müddəalarının icrasının nə dərəcədə vacib olduğunu göstərir. Müşahidə etdiyimiz kimi, hazırda Azərbaycanla Rusiya arasında hər hansı bir ziddiyyət müşahidə olunmur. Rusiya isə alternativ nəqliyyat-kommunikasiya yolları əldə etmək üçün Zəngəzur dəhlizinin açılmasının vacib əhəmiyyət kəsb etdiyini anlayır. Eyni zamanda, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bərabər, regionda sülh və əmin-amanlığın qorunmasında ən maraqlı tərəfdir”, - deyə Elşən Məcidov bildirib.
“Bütün bu faktları ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Azərbaycanın dövlət başçısı səfəri çərçivəsində qarşısına qoyduğu bütün hədəflərə nail olub və Rusiya ilə qarşılıqlı surətdə anlaşıb. Düşünürəm ki, səfərin nə dərəcədə uğurlu olmasını yaxın vaxtlarda görəcəyik”, - deyə ekspert vurğulayıb.