SİYASƏT
Siyasi ekspert: Azərbaycanın Çin və Avropa İttifaqı əlaqələrinin genişlənməsi ölkəmizin Avropa ilə Asiya arasındakı geostrateji mövqelərini daha da möhkəmləndirir
Bakı, 4 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə telefon zəngi Fransanın dövlət başçısının Nikol Paşinyanla görüşdə səsləndirdiyi reallıqdan uzaq və qərəzli mülahizələrinin mümkün qədər neytrallaşdırılmasına, Aİ-nin balanslı mövqeyinin rəsmi Bakının diqqətinə çatdırılmasına xidmət edir.
Belçikanın fransız camiəsinin təmsilçisi olan Şarl Mişelin Azərbaycanın dövlət başçısına Emmanuel Makronun təşəbbüsü ilə zəng etdiyi barədə fikirlərin həddindən artıq subyektiv olduğu qənaətindəyəm. Fransa ərazisinə görə Avropa İttifaqının birinci, əhalisinin sayına görə isə ikinci dövləti olsa da, Avropa İttifaqı Şurası prezidentinin Aİ-nin vahid strategiyasına uyğun hərəkət etdiyinə şübhə etmirəm. Avropa İttifaqının daim balanslı siyasət həyata keçirməsi, habelə 44 günlük müharibə dövründə tarazlı mövqe tutması, ərazi bütövlüyü ilə bağlı məsələlərə həssas və beynəlxalq hüququn prinsipləri çərçivəsindən yanaşması da, məhz bu vahid strategiyadan qaynaqlanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Siyasi ekspert qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi də Aİ-nin balanslı siyasət yürütməyə davam edəcəyini, Aİ-Azərbaycan münasibətlərinə ittifaqa üzv olan hər hansı bir dövlətin başçısının subyektiv mülahizələrinin təsir göstərmək gücündə olmadığını nümayiş etdirir. E.Mirzəbəyli deyib: “Həmçinin unutmaq lazım deyil ki, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir və bu, çox mühüm əhəmiyyət kəsb edən bir məqamdır.
Fransa prezidentinin bir çox hallarda Avropa İttifaqına üzv olan digər ölkələrin mövqeyi ilə ziddiyyət təşkil edən, opponentlərinin “ekzotik” adlandırdıqları yanaşmaları, bütövlükdə, Aİ daxilindəki ziddiyyətlərin dərinləşməsinə xidmət edir. Fransada növbəti prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Seçkilərə təxminən 9 ay qalıb. Makronun reytinqi isə 23-24 faiz təşkil edir. Əzəli rəqibi Lö Pendən 2 faiz səslə geri düşən Emmanuel Makron çox güman ki, Nikol Paşinyana və Ermənistana nümayiş etdirdiyi lütflə Fransadakı erməni diasporunun səsini qazanmaq və qarşıdakı zaman kəsiyində fərqi ermənilərin hesabına qapatmaq niyyətindədir. Digər tərəfdən, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə də qısa bir müddət qalır. Bu baxımdan Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla Emmanuel Makronun görüşündə səslənən fikirlər seçki kampaniyalarının keçici şüarları kimi də qəbul oluna bilər”.
E.Mirzəbəylinin fikrincə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Aİ-nin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi Brüsselin bu prosesə davamlı sülhün təmin edilməsi kontekstindən yanaşdığı ehtimalını irəli sürməyə əsas verir. “Xatırladım ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya biləcəyini vurğulamışdı. Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycan Prezidentinə zəngi və səsləndirdiyi fikirlər regionda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrdə Aİ-nin yaxından iştirak etməkdə maraqlı olduğunu təsdiqləyir”, - deyə o qeyd edib.
Siyasi ekspert vurğulayıb ki, bu xüsusda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti arasındakı telefon söhbətində ifadə edilən fikirlərin də mühüm strateji əhəmiyyətə malik olduğu qənaətindədir. Həm Avropa İttifaqı, həm də Çin qlobal güc mərkəzləridir və bu, iki mərkəzin liderlərinin Prezident İlham Əliyevlə təmasları zamanı Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rola diqqət çəkmələri mühüm önəm daşıyır. Bu, ilk növbədə, Azərbaycanın və onun liderinin regional və qlobal proseslərdəki roluna verilən qiymətin bariz nümunəsidir.
Azərbaycan və Çinin beynəlxalq platformalarda hər iki ölkənin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirdiklərini diqqətə çatdıran E.Mirzəbəyli bildirib ki, Azərbaycan Çin Xalq Respublikası tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur layihələri, mahiyyət etibarilə həm də “Bir kəmər, bir yol” layihəsinin inkişafına, yeni logistik imkanların, alternativlərin yaranmasına, nəqliyyat marşrutlarının şaxələndirilməsinə xidmət edir.
“Azərbaycan-Çin, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsi, əməkdaşlığın qarşılıqlı faydalılıq prinsipləri üzərindən həyata keçirilməsi, iqtisadi əlaqələrin genişləndirilıməsi üçün yeni imkanlar açır və ölkəmizin Avropa ilə Asiya arasındakı mühüm geostrateji mövqelərini daha da möhkəmləndirir”, - deyə siyasi ekspert vurğulayıb.