SİYASƏT


Siyasi ekspert: BMT Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyev dünya ölkələrinə açıq mesajlar verdi

Bakı, 28 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı həqiqətlərin, real faktların əyani sübutu idi. Dövlətimizin başçısı dünyanı qara bulud kimi bürüyən COVID-19 pandemiyası ilə əlaqədar çıxış edərək bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatı bu qlobal bəla ilə mübarizədə Azərbaycanı nümunəvi dövlət adlandırıb. Həqiqətən də pandemiya bir çox iri dövlətlərə mənfi təsir etdiyi halda, Azərbaycan bu təsirlərdən maksimum dərəcədə yayınmağı bacardı.

Prezident İlham Əliyev daha bir həqiqəti diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan tərəfinə qarşı tətbiq olunmuş BMT-nin 4 qətnaməsi, Cenevrə Konvensiyası kağız üzərində qaldı. Reallıq budur ki, 30 ilə yaxın zaman kəsiyində bu problemin sülh yolu ilə həlli üçün bütün diplomatik yollara əl atıldı. Lakin bunların heç biri səmərə vermədi. Azərbaycan da beynəlxalq hüquqa dayanaraq özünümüdafiə haqqından istifadə etdi və öz gücü hesabına işğal altındakı ərazilərini əsarətdən qurtardı.

Ermənistanın müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən rayonları raket atəşinə tutmasının, mülki vətəndaşları hədəfə almasının, dinc sakinlərin öldürülməsinin dünyaya çatdırılması mühüm amil idi. Dünya görsün ki, müdafiə etdikləri erməni etnik qrupu necə barbardır.

Sessiyada müsəlman dövlətlərinin nümayəndələri də iştirak edirdilər. Prezidentin ermənilərin müsəlmanların ibadət məkanı olan məscidlərdə donuz və digər heyvanları saxlamasını diqqətə çatdırması həmin dövlətlərə bir mesaj idi. Yəni, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkə olmasına baxmayaraq, tolerantlıq nümayiş etdirərək digər dinlərə də hörmətlə yanaşır.

Sessiyada dünyanın qlobal səviyyədə ətraf mühitə dair problemlərlə mübarizə apardığı bir vaxtda Ermənistan tərəfinin işğal dövründə torpaqlarımızda törətdiyi ekoloji terrordan da bəhs olunması xüsusilə əhəmiyyətli idi. Yuxarıda qeyd olunanlar ermənilərin canlı və cansız varlıqlara düşmən kəsilməsinin, vəhşi xislətinin bariz nümunələri idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elman Vəliyev söyləyib.

E.Vəliyev bildirib ki, Ermənistan tərəfi uzun illərdir müxtəlif ölkələrdə anti-Azərbaycan təbliğatı apararaq ajiotajlar yaradır. Onların yayımladığı həqiqətə uyğun olmayan məlumatlar səbəbindən bir sıra ölkələrdə Azərbaycana qarşı mənfi fikir formalaşmışdı. Ancaq dövlətimizin başçısının BMT kimi beynəlxalq bir qurumun sessiyasında əsl həqiqətləri söyləməsi bu saxta təbliğatlara ən tutarlı cavab oldu.

“Digər bir vacib nüans iki tərəf arasındakı delimitasiya və demarkasiya prosesləridir”, - deyən ekspert vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycan yenə də humanistlik nümayiş etdirərək Ermənistana sülh təklifi etdi. Lakin Ermənistan tərəfi bu təklifə destruktiv yanaşdı. Qazandığımız Zəfərdən sonra regionda geosiyasi vəziyyət kökündən dəyişərək sülhə ümidlər artsa da, Ermənistan tərəfi xislətlərinə sadiq qalaraq qondarma respublikanın statusu məsələsini tez-tez gündəmə gətirirdi. Azərbaycan tərəfi isə statusun olmadığını bir daha qəti şəkildə bəyan etdi.

“Sessiya zamanı Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Rusiya, Fransa və Amerika tərəflərinin təşəbbüsü ilə görüş keçiriblər. Bundan sonra Rusiya tərəfi Qarabağa aid yeni bir xəritə yayımlayıb. Budəfəki xəritədə qondarma respublikanın sərhədləri göstərilməyib və həmin ərazilər Azərbaycan Respublikası daxilində verilib. Bu da onu göstərir ki, tərəflər arasında diplomatik yollar öz axarındadır və tezliklə razılıq əldə edilə bilər. Əminəm ki, delimitasiya və demarkasiya prosesləri Azərbaycanın lehinə yekunlaşacaq, Zəngəzur dəhlizi açılacaq və qarşı tərəf mina xəritələrini verməyə məcbur olacaq. Qondarma respublikanın statusu isə ermənilər üçün əbədi yaraya çevriləcək”, - deyə E.Vəliyev fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.