SİYASƏT
Siyasi ekspert: Cənubi Qafqazda sülhün olmamasına görə məsuliyyət daşıyan tərəf Ermənistandır VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Sülh müqaviləsinə uyğun olaraq dövlət sərhədi dəqiq müəyyən edilməsə, Ermənistanla Azərbaycan arasında hərbi toqquşma davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri azərbaycanlı siyasi ekspert, analitik Orxan Amaşov oktyabrın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) dəstəyi, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin təşkilatçılığı ilə keçirilmiş İnsan Ölçüsü üzrə Varşava Konfransında çıxışı zamanı səsləndirib.
“Azərbaycan-Ermənistan dövlət sərhədi delimitasiya olunmayıb. Təmas xəttində böyük boz məhdudiyyətsiz zona var. Qənaətim budur ki, dövlət sərhədi sülh müqaviləsinə uyğun olaraq dəqiq müəyyən edilməsə, gərginlik davam edəcək. Üstəlik, sülh danışıqlarının sürəti azalarsa, gərgin vəziyyət daha tez-tez yaranacaq”, - deyə O.Amaşov fikrinə aydınlıq gətirib.
Cənubi Qafqazda sülh perspektivləri ilə bağlı söz açan siyasi ekspert diqqəti Ermənistan və Azərbaycan arasındakı münaqişəli duruma çəkib: “Bu gün, təəssüf ki, bizdə - Cənubi Qafqazda sülh yoxdur. Region münaqişələrlə doludur. Ümumi inkişafa əsas maneə isə 2020-ci ildə qanlı müharibə aparan Ermənistanla Azərbaycan arasında sülhün olmamasıdır. 2020-ci il noyabrın 10-da barışıq imzalanıb, lakin Azərbaycan və Ermənistan arasında bütün münaqişə məqamlarına son qoyan sülh müqaviləsi hələ də imzalanmayıb. Buna görə məsuliyyət daşıyan tərəf Ermənistandır”.
O.Amaşov əlavə edib ki, sülh və təhlükəsizliyin olmaması qeyri-obyektiv yanaşma, dezinformasiya şəraiti və bəzən çirkin yalanlar mühiti formalaşdırır. Bu isə vəziyyətin dəyişmə perspektivinin labüdlüyü, hər an gözlənilməzliyin meydana çıxa bilməsi deməkdir.